“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun məhkəməsi davam edir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırmalar yekunlaşmaq üzrədir.
Bizimyol.info xəbər verir ki, artıq dindirmələr başa çatıb, hazırda sənədlərin tədqiqi mərhələsidir. Hakim Əli Məmmədovun sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında da sənədlər elan edilib.
Cinayət işinin materialları arasında İlqar İsmayılovun kassadan pul çıxardığı iddia olunan məxaric qəbzləri var. Məhkəmədə elan olunan qəbzlərin tədqiqi zamanı məlum olub ki, ikisindən başqa qalan hamısı kserosurətdən ibarətdir. Yəni həmin sənədlərdə İlqar İsmayılovun imzası, möhürü yoxdur. Həmin məbləğlərin İlqar İsmayılov tərəfindən məxaric edilməsi alt sənədlərlə də təsdiqini tapmır.
Elan edilən sənədlərdən o da məlum olub ki, hazırda “Premium Bank”, o vaxt isə “SilkWayBank” adlanan bankdan 2012-ci ildə İlqar İsmayılovun adına götürülən kredit müqaviləsi üzrə ödənişlər 18 mart 2013-cü ildə başa çatıb. Amma ittihamda yazılıb ki, guya İlqar İsmayılov 2014-2015-ci illərdə şirkətin ümumi kassasından pul götürüb, öz adına olan krediti ödəyib. Vəkillər bildiriblər ki, bu sənədlər İlqar İsmayılova qarşı ittihamın əsassız olduğunu sübut edir.
Həmçinin iddia olunur ki, İlqar İsmayılov 2013-cü ilin iyun ayında AZAL prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyeva ilə şərik olduğu şirkətin kassasından 280 min manat götürərək, “Şəhər Bağları” MTK-dan mənzil alıb. Vəkillər bildirib ki, ittihamdakı bu hissə də təsdiqini tapmır. Çünki məhkəmədə şahidlərin verdiyi ifadələrdən məlum oldu ki, İlqar İsmayılov o evi 1 milyon manata alıb.
Sənədlərin tədqiqi zamanı məlum olub ki, sözügedən 280 min manatla bağlı qəbzin də əsli yoxdur, iş materiallarındakı sənəd sadəcə, rəngli kserosurətdir. Müdafiə tərəfi həmin sənədin ekspertizadan keçirilməsini istəyib.
İlqar İsmayılova ümumi yığıncaq keçirilmədən, şirkətin mənfəətinə daxil olan vəsaiti xərcləməklə bağlı da ittiham verilib. İş üzrə zərərçəkmiş qismində tanınan “Adore Kompani”nin (Zərifə Həmzəyeva “İdeal Kompani”nin adını dəyişib) istintaqa məktubu elan edilib. Məktubdan məlum olub ki, 2013-2014-cü illərdə mənfəətt bölgüsü ilə bağlı təsisçilərin ümumi yığıncağı keçirilib, şifahi razılıq əsasında mənfəətin xərclənmə istiqamətləri müəyyənləşdirilib.
Vəkillər bildirib ki, mənfəətin şirkətin digər təsisçisinə – Zərifə Həmzəyevaya çatdırılmasında birbaşa iştirak etmiş Fuad Əliyev mütləq məhkəmədə dindirilməlidir. O, həm də Zərifə Həmzəyevanın şirkətdəki nümayəndəsi olub.
Müdafiəçilər növbəti məhkəmə iclasında bu barədə vəsatət qaldıracaq.
İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
İş adamı isə deyir ki, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidentinin xanımına satıb. Daha sonra özündə qalan 50 faizin 25 faizini də satmaq məcburiyyətində qalıb. Qalan 25 faizlik payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs edilib. 3 ay 10 gün həbsdə saxlandıqdan sonra məcburiyyət qarşısında şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayıb. Bundan sonra həbsdən buraxılıb, az sonra barəsindəki cinayət işinə də xitam verilib. Başına gələnlər haqda bir müddət susub danışmasa da, 3 il sonra hüquqlarının bərpasını tələb etməyə başlayıb, müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, mediaya bu haqda müsahibələr verib. Bundan sonra yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. Susmadığına görə bu ilin aprelində yenidən həbs olunub.
İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.
Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.
“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.
AZAL prezidentinin xanımı həm də “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.
Bizimyol.info