Cəmiyyət

Diqqət! TOPAZ-a GİRİŞ QADAĞANDIR: Buralar Cavid Qurbanova aiddir… – Dövlət səviyyəsində QUMARXANA…

Azərbaycanda mərc oyunlarının gətirdiyi faciələrin sayı getdikcə artır. Əsasən kişilərin və gənc nəslin qurşandığı bu bəla az qala narkotik aslılığı qədər təhlükəlidir. Ailələri dağıdır, faizə, borca girmə hallarını artırır. Borc vaxtında qaytarılmadıqda isə cinayət hadisələri baş verir. Bu gün borca görə axtarışda olunanlar və ya borca görə həbs olunanların, yəqin, böyük bir hissəsi məhz bu mərc oyunlarına görədir. Bu baxımdan Azərbaycanda fəaliyyətinə rəsmi icazə verilən “Topaz” əsl bəlaya çevrilib. Kimlərinsə milyonlar qazandığı bu bəla az qala hər evin qapısını döyür… Bu barədə sosial mediada da geniş müzakirələr aparılır. Leqal qumar, mərc oyunları narkomaniya kimi bir şeydir…

Bəs dövlət buna niyə icazə verib? Bu problemdən çıxış yolları nələrdir? Bu oyunlar qanunla qadağan oluna bilərmi? DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli Bakupost.az -a bildirib ki, böyük problem dövlətin lisenziyalaşdırdığı və imkan verdiyi “Topaz”, müxtəlif adlar altında yaradılan mərc oyunlarıdır:

“Qumar oyunları ilə bağlı qanunvericilikdə xeyli məhdudlaşdırıcı normalar mövcuddur. Hətta bu yaxınlarda banklar xaricdə oynanılan qumar oyunlarında kartların istifadəsinə Milli Bank məhdudiyyət qoyub. Bu aspektdən xarici mərc oyunlarına girib pul qoymaq mümkün olmayacaq. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində bununla bağlı məsuliyyət müəyyən olunub. Yəni, qanunsuz oynanılan qumar oyunlarına görə inzibati məsuliyyət nəzərdə tutulub. Amma bu da reallıqdır ki, günümüzün texnoloji imkanları istər mobil telefonlar, istərsə də kompüter üzərindən hansısa mərc oyunlarına daxil olmağa Azərbaycan Milli Bankı icazə verməsə də, bir çox insanın xarici ölkələrdə Gürcüstan, Ukrayna, Türkiyədə bank hesabları var. Onlardan istifadə edərək bunu edə bilirlər. Bu baxımdan o bir az maariflənmə, ictimai qınaq, ictimai mübarizə məsələsidir. Təkcə inzibati metodlarla bunun qarşısının alınması mümkün deyil”.
Hüquqşünas vurğulayıb ki, mərc oyunlarına meylin artmasını, asılılığı doğuran səbəblər araşdırılanda qarşımıza işsizlik, maddi təminatın azlığı, insanların daha qısa yoldan qazanc əldə etmək niyyəti, sosial təminat kimi səbəblər ortalığa çıxır:
“Məşğulluğa yönəlik daha ciddi tədbirlər görülməlidir ki, insanları maraqlandıran, məşğul edən bu kimi məsələlərə üz tutmasınlar. Xüsusilə orta və ali məktəblərdə bunun cəmiyyətdə, ailədə yaratdığı problemlər, travmallar, pozuntular maarifləndirici şəkildə, konkret olaraq hadisələr göstərilərək çatdırılmalıldır. Təbii ki, yüzdə-yüz mübarizə olmasa da önləyici tədbirlər görülə bilər”.

Ələsgər Məmmədli təəssüflə qeyd edib ki, dövlət “Topaz”a rəsmi icazə verməklə qumar oyununu dəstəkləmiş olur:
“Mərc oyunlarının genişlənməsinin ən böyük səbəblərindən biri də Topazın rəsmi şəkildə, dövlət tərəfindən dəstəklənməsidir. Bu eyni zamanda monopoliyalaşdırılaraq bəlli şəxslərin ixtiyarındadır. Bunu qazanc yeri kimi görmək təhlükəli məsələdir. Təbii ki, dövlət rəsmi qumar oynatmamalıdır. Amma qanuna görə bunlar rəsmi, lakin digərləri qeyri-rəsmi hesab edilir. Yalnız digərlərinə qarşı mübarizə aparırlar. Ən böyük problem isə dövlətin lisenziyalaşdırdığı və imkan verdiyi “Topaz”, müxtəlif adlar altında yaradılan mərc oyunlarıdır. Bunlar da rəsmi qumarlardır. Rəsmi qumarı dövlət təşviq etdiyi zaman, qeyri-rəsmini önləmək o qədər də asan olmur. Ona görə də bu aspektdən dövlətin yanaşması dəyişməli və bu prosesi təşviq etməməlidir. İndiki halda televizorlar rəsmi şəkildə bunu həm təşviq edir, həm də reklamı ilə məşğuldurlar. Daha geniş kütləni qısa yoldan çoxlu pul qazanaram ümidinə qapdırırlar. Bu da böyük ailə dramlarına, faciələrinə gətirib çıxardır”.
Sosioloq Lalə Mehralının sözlərinə görə, bu oyunlarla bağlı hədsiz şikayətlər, narazılıqlar var:

“”Topaz”ın adı leqaldır, amma əslində görünən qumar oyunlarıdır. Bəhs oyunu adını verib mədəniləşdirməklə heç nə düzəlmir. Qumar elə qumardır, oradan heç kim xeyir tapmayıb. Bu gün biz “Topaz” oyunlarından külli miqdarda pul qazanan görməmişik. Hətta “Topaz”ın reklamı televiziyalara belə ayaq açıb. Məsələn, televiziyalarda nümunə göstərilər ki, filankəs bu qədər qazanıb, bəs sən niyə durmusan? Amma əslində, o qazananı heç kim tanımır, yəni simvolikdir ki, insanları cəlb etsinlər. Oradan heç kim külli miqdarda pul qazanmayıb. Külli miqdarda pul uduzanlar var, amma heç kim o məbləğdə qazanc götürə bilməyib. 100 yaxud 1000 manat qazana bilər, amma o pulu qazanana qədər insanlar külli miqdarda bəhsə pul qoyurlar. Təəssüf ki, o bəhsə qoyulan pullar milyonçuların pulu deyil, sadə, orta yaşam tərzi olan azərbaycanlıların puludur.
Ekspert qeyd edib ki, maaş aldığı gün pulunu Topaza yatırıb uduzan insanlar var:
“Hansı ki, bu bir ay ərzində ailəsinin dolanışığıdır. Maaş evə gəlmədən Topaza qismət olur. Növbəti ayların maaşını uduzan, nisyə “Topaz” oynayan insanlar haqqında çox eşitmişəm. Məncə, bu məsələyə həqiqətən bir əncam çəkilməlidir. Onsuzda hamının vəziyyəti günü-gündən çətinləşir. Mədəti lotoreyada, “Topaz”da, bəhs oyunlarında axtaran insanların sayı günü-gündən artır. Son ümid kimi insanlar ora üz tuturlar, çünki onları da şirnikdirirlər. Bir daha qeyd edim ki, Topazdan gəlir əldə edənləri heç kim tanımır, onlar sadəcə məchul adamlardır”.

DİA.AZ-dan: Qeyd edək ki, ölkədə “Topaz” şəbəkəsinin baş dəmiryolçu Cavid Qurbanova aid olduğu deyilir. Və ondandır ki, bu gün qanunlarımız da Cavid Qurbanovun qarşısında qıldan incə durumdadır…

DİA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir