Cəmiyyət

Əmrullayevə tək yol qalır: İSTEFA… – Görünəni budur…

Gəlin, son 1 ayın KİV-də yayılan statistikasına göz ataq: Bakıda 9 saylı tam orta məktəbin direktoru Zinyət Əhmədovanın iki şagirdə foyedə şillə vurması görüntüləri yayılır.
Sonra paytaxtın 117 saylı məktəbində müəllimin şagirdin başını divara çırpması valideyn tərəfindən ictimailəşdirilir.
Ardınca şəhərin 165 nömrəli məktəbində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı kadrlar yayımlanır, çox keçmir ki, Ağstafada məktəb direktorunun rüşvət istəməsinin audio yazısı üzə çıxır.
Bu da son olmur, Xırdalanda bir məktəbdə şagirdlərin tədrisə uyğun olmayan hərəkətləri sosial şəbəkədə paylaşılır. Beləliklə, yanvar ayında ard-arda təhsil ocaqlarında özbaşınalıqları əks etdirən kadrlar yayımlanır.
Lakin bütün bunlar nə ilkdir, nə son. Çünki axtarsaq, total şəkildə bu hallarla qarşılaşmaq mümkündür. Bəs, bu videoların ardıcıl olaraq yayılması təsadüfdürmü? – İnandırıcı görünmür.
Hiss olunur ki, təhsil naziri Emin Əmirullayevin bacarıqsızlığı, səriştəsizliyi, təhsil adamı olsa da, yaxşı idarəçi, təşkilatçı, islahatçı olmadığı, nazir postuna layiq görülmədiyi təsəvvürü yaratmaq məqsədi güdülür. Bu sözlərdə xeyli həqiqət payı var.
Anaxeber.info bildirir ki, E.Əmirullayev Misir Mərdanovdan sonrakə təyinatlar arasında təhsil sahəsinə birbaşa aid olan nazirdir. Mikayıl Cabbarov və Ceyhun Bayramov vergi-maliyyə sektoru üzrə ixtisaslaşmış məmurlardır, Emin Əmirullayev isə təhsilin nəzəriyyəsini bilən kadrdır, di gəl, idarəçilik qabiliyyəti qaneedici deyil. Nəticədə onun yarıtmaz olduğu haqda ictimai rəy formalaşdırmaq üçün ayrı-ayrı məktəblərdən rəzil görüntüləri tirajlanır.
Odur ki, bunun köhnə qvardiya tərəfindən təşkil edilmiş bir hücum kampaniyası, yaxud qara piar olduğu ehtimalını mülahizə kimi irəli sürməklə yanaşı, deməliyik ki, reallıq da göz deşir – Əmirullayev islahat apara bilmir, təhsil sektorunda “köhnə hamam, köhnə tas” davam edir, direktorlar, müavinlərin içində xeyli dəllal, sələmçi, lombard alverçisi tapmaq olar, “fond pulu” yığışdırılmayıb, (baxmayaraq ki, nazirin müəyyən təklifləri səslənmişdi), o cümlədən, təhsilin keyfiyyətində də irəliləyiş müşahidə olunmur, üstəlik, bu neoarxaik problemlərin üzərinə bir də məktəblərdə nəzarətsizlik, səhlənkarlıq, şagirdə şiddət faktları gəlməkdədir.
Belə məlum olur ki, Əmirullayev reformist deyil, yaxud istəsə belə, qətiyyətli addımlar ata, köklü dəyişikliklər edə bilmir. 2020-ci ilin 27 iyulunda nazir təyin edilən Əmirullayevin 6 ay sonra postunda iki ili tamam olacaq.
Nəzərə alsaq ki, tədris ilinin də başa çatmasına cəmi 4 ay yarım qalıb, o zaman bu müddətdə təhsil sektorunda hər hansı inqilabi qərarlar, dəyişikliklərə də ümid bəsləmək olmaz. Deməli, 5-ci təhsil nazirimiz də bu vəzifədə iki ilini boşa verdi.
Əlbəttə, “kənardan danışmaq asandır” deyə bilərsiniz. Xüsusilə təhsil kimi ağır bir sahə, illərlə qalaqlanmış problemlər, mafiyalaşmış təhsil şöbələrinin müdirləri, yüksək vəzifəli şəxslərə bağlantıları olan məktəb direktorları – bunların öhdəsindən gəlmək bir günün işi deyil, şəbəkələşmiş korrupsiya piramidası var.
Lakin sadalanan problemlərin radikal şəkildə həlli qəliz görünsə də, ən azı buna qarşı mübarizə elementlərini görməliydik. Amma Əmirullayev bu müddət ərzində hansı müqaviməti göstərib? Hansı real addımlar atıb?
Anaxeber.info yazır ki, konkret və təcili görülməli tədbirlər var. Əgər Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi səmimidirsə, ictimaiyyətlə birgə səfərbər olmalı, ən azı müəyyən mübarizə tədbirləri görməlidirlər. Sözsüz ki, ardıcıl olaraq yayılan görüntülərdən sonra inzibati tədbirlər görülüb, töhmət alan, işdən çıxarılanlar olub, amma çıxış yolu deyil.
İlk növbədə Əmirullayev sərt şəkildə əmr verməlidir və məktəblərdə “fond pulu” söhbəti qanqrena kimi kəsilib atılmalıdır. Və ictimaiyyətə bəyan edilməlidir ki, bu prosesdə səfərbər olsunlar, əgər hansısa məktəb direktoru haqda bir kəlmə qulağa çatsa, dərhal işinə xitam verilsin!
İkincisi, təhsilin təminatında keyfiyyət artırılmalıdır. Hətta bu adda agentlik fəaliyyət göstərir, profili, funksiyası bəlli deyil, nə işlə məşğul olduğu da bilinmir.
Nazir bu məsələdə də iradə nümayiş etdirməlidir. Məktəblərdə nəzarət, dərsə davamiyyət, təhsilin keçirilməsinin səviyyəsinin artırılması ilə yanaşı direktorlarla bağlı real tədbirlər lazımdır. Çünki bir sıra məktəblərin direktorları alverçi, bazarkom xarakterinə malikdirlər, bürokrata çevriliblər, rüşvətə bulaşıblar.
Eyni zamanda, təhsil sektorunda islahatlar sidq-ürəkdən istənilirsə, Azərbaycan hakimiyyətinin də bu məsələdə iradəsi, mövqeyi, tələbi olmalıdır.
Hakimiyyətin təhsilə diqqəti nəqliyyat, tikinti xərclərinə qoyulan sərmayədən qat-qat azdır. Ona görə pullu insanlar övladlarını özəl məktəblərdə oxudur, xaricdə tələbə olmağa göndərirlər.
Hakimiyyət də, nazirlik də yaxşı bilir ki, bəzi məktəb direktorları və müavinləri çirkab içindədirlər, valideyn komitələrinin işi müəllimlərə pul yığmaqdan ibarətdir. Bax, bu məsələlər üçün siyasi iradə olmalıdır. Olacaqmı?

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir