Cəmiyyət

“Sabah Residence” MTK ilə kimsə BACARMIR? – GİLEY

Vətəndaş Qafarov Ədalət Valeh oğlu şikayətində yazır:
“Mən, Qafarov Ədalət Valeh oğlu 2019-cu ilin oktyabr ayından “Sabah Residence” MTK-da ekskavator operatoru kimi işləmişəm. 15.12.2019-cu il tarixdə “Sabah Residence” MTK-nın Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi 10 ünvanındakı tikinti sahəsində ekskavatorla qazma işləri apararkən eyni vaxtda ərazidə betonlama işləri aparılırdı. Mən ekskavatora yaxınlaşanda torpaq kütləsi sürüşdü, torpağın altında qaldım. İş yoldaşlarım təcili məni torpağın altından çıxarıb xəstəxanaya çatdırdılar. Hər iki ayağımdan xəsarət aldım, hazırda da xəsarətlər qalmaqdadır, ayağımı sərbəst hərəkət etdirə bilmirəm, ayağımda quruma gedir və təcili əməliyyat olunmasam ayağım kəsiləcək.

Hadisədən sonra şirkət rəhbərliyi bir müddət müalicəmə yardım etsə də, sonradan müalicəmdən imtina etdilər və hazırda da heç bir kömək göstərmirlər. Hadisə nəticəsində əmək qabiliyyətimi itirmişəm, müalicə üçün əlimdə olan bütün əmlaklarımı satmışam, indi isə müalicəm dayanıb və ailəm də çıxılmaz vəziyyətdə qalıb.
Hadisə baş verdikdən sonra şirkətin əməkdaşları tərəfindən mənə hüquq-mühafizə orqanlarına şikayət etməməyim qarşılığında müalicəmə maddi kömək ediləcəyi ilə bağlı vəd verilmişdi. Mən də onlarla şəxsi tanışlığımı nəzərə alaraq Səbail rayon Prokurorluğunda hadisə ilə bağlı izahat verən zaman hər hansı bir şikayət və tələbimin olmadığını bildirmişəm. Şirkət tərəfindən bir müddət mənim müalicə xərclərim qarşılanmış, lakin cinayət materialları ilə bağlı araşdırma bitdikdən bir müddət sonra müalicəmi dayandırmışdılar. Məsələ ilə bağlı şirkət əməkdaşları ilə dəfələrlə danışdım, mənə rəhbərliyə müraciət ediləcəyinə dair vəd verildi. 2-3 aylıq müddət ərzində şirkət əməkdaşları tərəfindən müxtəlif bəhanələr gətirilmiş, son olaraq, rəhbərliyə məsələ ilə əlaqədar məlumat verilsə də, müraciətimin nəzərə alınmadığı bildirilmişdir. Bu zaman mən aldadıldığımı anlayaraq, ilk öncə, prokurorluq orqanından işlə bağlı materialları əldə etmiş və materiallarla ətraflı tanış olduqdan sonra baş vermiş hadisənin böyük təhriflərlə əks etdirildiyini müəyyən etmişəm. Baş vermiş bədbəxt hadisə ilə bağlı həm rayon prokurorluğuna, həm də yuxarı instansiya prokurorluqlarına 5-6 ay ərzində dəfələrlə müraciət etsəm də, şikayətimlə əlaqədar eyni məzmunlu – şikayətimə baxmaqdan imtina edilməsinə dair cavablar almışam. Bu səbəbdən də Səbail rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından məhkəməyə şikayət vermək qərarına gəldim.
Səbail Rayon Məhkəməsi tərəfindən işimin ədalətli araşdırılacağına inansam da, məhkəmə şikayətimdə qeyd etdiyim xüsusatları araşdırmadan və həmin halları təkzib edəcək hər hansı bir əsas gətirmədən əsassız olaraq şikayətimin təmin olunmasından imtina etmişdir. Ümumilikdə mənə məlumdur ki, “Sabah Residence” MTK-nın fəaliyyəti yüksək vəzifəli dövlət məmurları ilə əlaqəlidir. Görünən odur ki, şirkət rəhbərliyi həmin dövlət məmurunun vəzifə və imkanlarından sui-istifadə edərək, onların adını hallandırmaqla hüquq-mühafizə orqanları tərəfindən işin ədalətli araşdırılmasına təsir göstərir.”
Bundan sonra teref.az-a yazan şikayətçi məktubunda yazır:
“Bu hadisədən sonra Ədliyyə Nazirliyinə müraciət edərək hadisə ilə əlaqədar mənə kömək göstərilməsini xahiş etdim. Bir neçə dəfə Ədliyyə Nazirinin müavini Azər Cəfərovla görüşməyə cəhd etdim. Bütün bunlara baxmayaraq, rəhbərliklə görüşüm təmin olunmadı və mənim problemim baxılmamış qaldı.
Baş vermiş istehsalat qəzasına dair Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışları mövcuddur. Həmin arayışlarda da almış olduğum xəsarətlərin – sağ bud sümüyünün burmalardan keçən bitişmiş sınığı və sol ayaq pəncəsində və ayaq baramaqlarında hissi-hərəki pozğunluqla müşayiət olunan sol budun aşağı hissəsində dizaltı arteriyasının zədələnməsinin bərk, küt əşyanın (əşyaların) təsirindən törəndiyi təsbit olunmuşdur. Hazırda da həmin xəsarətlər qalmaqdadır, sərbəst hərəkət etməkdə çətinlik çəkirəm. Ayağımda qaralma baş verir və əməliyyat olunmayacağım halda amputasiya ediləcək. Əmək qabiliyyətimi itirdiyim üçün artıq 2 ildən çoxdur ki, işləmirəm. Ayağımın əməliyyat olunması üçün artıq satmağa heç nəyimiz qalmayıb. Mən isə 2 ildir ki, səbr və hörmətlə davranaraq şirkətin davranışlarını ictimailəşdirmək istəmirəm. Lakin şirkət rəhbərliyi isə bunun əksinə davranaraq arxalandığı və nüfuzundan istifadə etdiyi yüksək vəzifəli məmurların adından istifadə edərək hüquq mühafizə orqanlarına təsir edir və mənim hüquqlarımı pozur. Lakin onlar düşünmür ki, bu məsələ mənim sağlamlığımı əlimdən alır, bir insanın həyatını alt-üst edir. Halbuki mənim ayağımın əməliyyatı təqsirkar “Sabah rezidence” şirkətinin rəhbərliyi üçün çətin bir iş deyil. Mən artıq bu cür yaşamaqdan bezmişəm, ayağım günbəgün qaralır və kəsilmək üzrədir. Ailə üzvlərimin üzünə baxa bilmirəm. Əgər mənim haqlı müraciətimə cavab verən olmasa, özümü öldürməkdən başqa heç bir əlacım qalmır. Mən açıq məktub yazaraq aidiyyəti şəxslərə elan edirəm ki, mənim başıma gələcəklərə görə “Sabah Residence” şirkəti günahkardır. Onlar mənim kəsiləcək ayaqlarım üzərində öz binalarını tikmək istəyirlər. İnanıram ki, bu haqsızlığı Allah onlara bağışlamaz. ”
Teref.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir