Yevlax RİH-dən 150 minlik “bayram müqaviləsi”: Siyahıda vaxtı keçmiş bayramlar da var… – BU NƏDİ BELƏ?
Yevlax şəhər İcra Hakimiyyəti “Rauf-2007” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Zirveyolu.info qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 150 000 AZN olan müqavilədə Yevlax şəhərində sosial mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər siyahısına aşağıdakılar daxildir:
1. Novruz Bayramı (Səməni qabının hazırlanması, qoyulması, sökülüb götürülməsi, bayram tonqalının hazırlanması, yandırılması tonqalın yerini təmizlənməsi, səmənilərin və bayram şamlarının alınması, bayramla əlaqədar şəhərin prospekt və meydanlarının, park və xiyabanlarının bəzədilməsi, bu məqsədlə bannerlərin hazırlanması, incəsənət xadimlərin bayram konserti)
2. 28 May Respublika (Təbii güllərin alınması, şəhərin bəzədilməsi üçün bayraqların alınması, asılması və götürülməsi, şəhərin müxtəlif yerlərində asılması üçün banerlərin hazırlanması, bayram atəşfəşanlığının keçirilməsi)
3. 15 İyun Qurtuluş Günü (Təbii güllərin alınması, şəhərin prospekt, meydan və müxtəlif ərazilərinin bəzədilməsi üçün banerlərin hazırlanması, baner və bayraqların asılması və sökülüb götürülməsi, incəsənət xadimlərin bayram konserti)
4. 26 İyun Silahlı Qüvvələr Günü (Rayon ərazisində dislakasiya olunmuş hərbi hisslərə bayram sovqatlarının aparılması, hərbçilərin bir qrupuna hədiyyələrin alınması və təqdim olunması)
5. 8 noyabr Zəfər Bayramı və 9 noyabr Bayraq Günü (Təbii güllərin alınması, Zəfər və Bayraq günü ilə əlaqədar uzunluğu 50 metr olan bayrağın hazırlanması, Bayraq meydanında, şəhərin müxtəlif ərazilərin dirıklərdən asılmaq üçün bayraqlar (5m*2,5m), şəhərin prospektlərində, müxtəlif yerlərində bəzədilməsi işlərinin aparılması ilə əlaqədar bayraqların alınması, asılması və sökülməsi (2m*1m), incəsənət xadimlərin bayram konserti, bayram atəşfəşanlığının təşkil edilməsi)
6. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl Bayramı (Şənlik keçirilməsi üçün yolka avadanlıqıarının alınması və quraşdırılması keçirilməsi, yolkanın aksesuarlarının alınması və bəzənmə işləri, yeni il üçün şəhərdə müxtəlif ərazilərdə banerlərin və plakatların hazırlanıb quraşdırılması, incəsənət xadimlərinin bayram konserti, işiq elementlərinin quraşdırılması dəyəri ilə birlikdə (kabel, lampalar, avtomat və sair) səs və işıq effektlərinin təşkil edilməsi, Yolkanın, onun aksesuarlarının, işıq kabellərin demontaj edərək götürülməsi, bayram atəşfəşanlığının təşkil edilməsi).
Siyahıdan göründüyü kimi bu tədbirlərdən bəzisinin vaxtı keçib, bəzilərinin isə vaxtına hələ xeyli var. Məsələn, Novruz bayramı artıq bitib. Amma İcra Hakimiyyəti hələ indi bayram tədbirlərinin keçirilməsi ilə bağlı müqavilə bağlayır. Digər bayramlar üçün təbii güllərin və digər ləvazimatların aylar əvvəl hansı səbəbdən alınması başa düşülmür. Bu tələskənlik satınalma müsabiqəsinin şəffaflığına şübhə ilə yanaşmağa əsas verir.
İcra Hakimiyyətinin müqavilə imzaladığı şirkətə gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Rauf-2007” MMC 11 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bərdə rayonu Bərdə şəhəri, Ə.Ədilov küçəsi, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Rəfail Rauf oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.
Reyestr məlumatlarından aydın olur ki, şirkətin adında “2007” qeyd edilsə də, iki ildir yaranıb. “Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacibdir. İki ildir yaranan və barəsində hər hansı məlumat olmayan şirkətin bu kriteriyalara cavab verib-vermədiyi barədə sualın cavabı açıq qalır.