Bildiyimiz kimi İnternet cəmiyyəti (birlik) sosial şəbəkələrin yaxşı nümunəsidir. Bu növ sosial şəbəkə XX əsrin 90-cı illərində İnternetin inkişaf etdiyi bir dövrdə daha da çox genişlənmişdir.
Sosial şəbəkələr isə sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (adamlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur. Bəhs edəcəyim mövzu isə bütün dünyada sürətlə populyarlıq qazanan Tik Tok sosial media platformasıdır ki, bu hal Azərbaycanda da istisna deyil.
Tik Tok sosial media platformasının xeyri və zərərləri vardır. Bu platformanın xeyri bunlardır: Daima dəyişilən maraqlı video kontent
Video yaratmaq üçün alətlərin müxtəlifliyi
Lisenziyalı audio kontent
Fərdi lent
Yüksək səviyyəli praktik istifadə forması və s. Qeyd etdiyim kimi bu platformanın xeyirləri ilə yanaşı çox böyük zərərləri də var. Ona görə ki, bu sosial şəbəkə istifadəçiləri tərəfindən xeyri olan: “Yüksək səviyyəli praktik istifadə forması”na uyğun istifadə olunmur. Çünki bu sosial şəbəkə istifadəçiləri fenomen olmaq üçün birbaşa özlərini ölümə aparırlar. Bunların bariz nümunəsi olaraq son zamanlar Tik Tok sosial şəbəkə istifadəçilərinin adrenalinli, psixoloji cəhətdən sarsıntı, insan hayatı üçün böyük təhlükə yaradan bir sözlə ağlasığmaz hərəkətlər edərək çəkdiyi videolar, onların öz həyatı ilə yanaşı izləyicilər üçün də təhlükəlidir. Ona görə ki, bəzi dar düşüncəli izləyicilər onların etdiyi mənasız hərəkətləri təkrarlamaq qərarına gəlir ya da bəzi əsəbi zəif olanlar da belə videoları izləyərkən psixoloji cəhətdən sarsıntı keçirirlər. Hər iki hal insan həyatı üçün böyük bir faciədir. Elə son zamanlar da Mediadan bu kimi hallarla əlaqədar xəbərlərə tez-tez rast gəlirik. Onlardan misal olaraq: “Ötən günlərdə yetkinlik yaşına çatmayan iki bacı “20 Yanvar” stansiyasında platformada relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçmışdı. Araşdırmalar zamanı məlum olub ki, onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri Tik Tok sosial şəbəkəsində paylaşmağı planlaşdırıblar”. Onların bu hərəkəti digər şəxslərin də narahatçılığına, həmçinin gedəcəkləri vacib olan yerlərə gecikməsinə səbəb olmuşdur. Buna oxşar digər bir xəbər isə budur: “4 yeniyetmə oğlan öz həmyaşıdlarını döyüb alçaldaraq videoya çəkiblər. Hətta onlar oğlandan üzr istəməsini tələb ediblər”.
Bütün bunlar nə üçündür sualına isə sözsüz ki, cavab belədir: sosial şəbəkədə fenomen olmaq, çox əfsuslar olsun ki, bunun başqa bir açıqlaması yoxdur.
Bu sosial şəbəkə nəinki yeniyetmə, gənc nəslin nümayəndələrini hətta orta yaşlı, elə yaşlı nəslin də nümayəndələrini öz cənginə alıb. Ən acınacaqlısı odur ki, yeniyetmə və gənclər arasında bu sosial şəbəkədən istifadə faizi böyüklərlə müqayisədə daha yüksəkdir. Məsələn 14-18 yaşlı yeniyetmələr hətta uşaqlar özlərini real həyatdan çox bu cür sosial şəbəkələrdə isbat etməyə çalışırlar. Çünki bu şəxslər sosial şəbəkədəki “mən” linklərini real həyatdan daha vacib hesab edirlər. Bu cür gənclərin “qazandıqları” bəyənmə, təkrar paylaşım və müsbət rəylər sayəsində özünə inamı artırdığı və öz eqosunu gücləndirdiyi kimi, mənfi rəy və nifrət mesajları isə psixoloji problemlərə yol açır. Onu da qeyd etmək lazımdır ki, uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq birmənalı olaraq ailədən qaynaqlanır. Çünki bəzən uşaq ailədə sevgi doyumsuzluğu, diqqət əskikliyi hiss edir. Valideyn öz uşağı ilə maraqlanmır və nəticədə bu, onlarda belə bir asılılıq yaradır. Uşağı yetişdirən, onu formalaşdıran ailədir. Bu asılılıq insanın istənilən yaş dövründə ünsiyyət problemi, özünəqapanıqlıq, depressiya, stress kimi problemlər yarada bilir. Bu cür problemlərin qarşısını almaq üçün valideyn öz övladına dəstək olmalıdır. Doğrudur uşaqları sosial şəbəkələrdən tamamilə ayırmaq da düzgün deyil. Məlumdur ki, internet bu gün müəyyən qədər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin valideynlər diqqət yetirməlidir övladı nə qədər internetdən istifadə edir və ən əsası hansı məqsədlə. Əslində bütün sosial şəbəkələrdə elə şeylər var ki, uşaqlarda məntiqi, yaradıcı təfəkkürü, diqqəti möhkəmləndirmək üçün çox yaxşı kömək edir. Buna görə də yaxş olar ki, insanlar sosial şəbəkələrdən eləcə də əsrin baş bəlası olan Tik Tok sosial şəbəkə platformasından faydalı yöndən istifadə etsinlər. Öz həyatlarını riskə ataraq dırnaqarası fenomen olmaqdansa daha mənalı, daha faydalı nələrisə tətbiq edib digərlərinə də çatdırmağa çalışsınlar.
Müxbir: Cavadzadə Seyid Sürayə