Təhsil ərəb sözüdür. Məhsul, istehsal, hasil kəlmələri ilə kökdaşdır. Terminoloji mənası “bioloji varlıq olan adamdan insan (şəxsiyyət, sosial varlıq) istehsal etmək” deməkdir. Ümumi mənada insanın qabiliyyətlərinin xüsusilə də əxlaqi vəsflərinin inkişaf etdirilməsi üçün yön və istiqamət verilməsi, metod öyrədilməsi, bilik və bacarığın aşılanması və bu sahədə aparılan şüurlu yaxud şüursuz bütün təsirlərə verilən addır. Məhdud anlamda isə insanın inkişafının sistemli, şüurlu olaraq istiqamətləndirilməsi və təsirlənməsidir.
Təhsil insanın fərdi azadlıqlarının əsas mənbəyidir. Lakin təhsil insana təkcə fərdi azadlıqlar gətirmir, bununla yanaşı fərdlərin aid olduqları mühiti də cəhalət girdabından qorumaqla cəmiyyətə maarifçilik ənənələri üzərində bərqərar olan ictimai azadlıqlar qazandırır.
İnsanların maraqları, zövqü, dünyagörüşü bir sözlə bütün həyat tərzi və digər məsələlərlə bağlı zaman-zaman ictimai müzakirələrə səbəb olan problemlərin hamısının həllinə doğru bütün istiqamətlər təhsilə aparır, yəni elə bir problem yoxdur ki, onun həllinə doğru bütün istiqamətlər sonda təhsilə aparmasın. Bu da təbii bir haldır, ona görə ki, cəmiyyətin hər bir üzvü təhsil sisteminin içində yetişir.
Təhsilin sosial-iqtisadi həyatın müasirləşdirilməsində də çox böyük rolu var. Çünki təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün münbit zəmin yaradır. Və beləcə onu biliyi və etik davranışı sayəsində örnək olan həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Ümumiyyətlə tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir.
Ölkələrin, Xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. Hətta bunu Tarix də zaman-zaman sübuta yetirib ki, bir xalqın inkişafı üçün təhsil yolundan daha müqəddəs bir yol yoxdur. Ona görə ki, dünyanın bütün qabaqcıl xalqları öz hədəflərinə yalnız elmin, təhsilin, biliklərin gücü ilə çatıblar. Xalqın yetirdiyi maarifçilər, mütəfəkkirlər də bütün həyatlarını insanlara məhz bu həqiqəti çatdırmağa sərf ediblər. Təhsilin, elmin imkanlarının hər kəs üçün əlçatanlığı naminə yaşayıblar.
Lakin bəzi insanlar var ki, övladlarına təhsil vermək əvəzinə, həmçinin onları nəinki elm öyrənmədən hətta özlərini dərk etmədən ailə qurmağa məcbur edirlər və yaxud da qarşılarına şərt qoyurlar ki, çox yüksək bal toplamasan heç bir yerdə ali təhsil ala bilməzsən və sairə. Bütün bunların da sonu ya uşağın canına qəsd etməsi ilə ya da birdəfəlik həyatının məhv olması ilə nəticələnir. Çünki Elm boş yerə verilmir – elm çətinliklə alınır. Lakin çətinliklərə baxmadan elmi öyrənmək lazımdır. Peyğəmbərimiz də elm və bilik haqqında bir neçə hikmətli kəlamlar buyurmuşdur: “Beşikdən qəbr evinə qədər elm öyrənin”. “Elm Çində olsa belə, gedib öyrənin. Əgər elm ucqar bir yerdə olsa da, gedib öyrənin”. “Öyrənmək işıqdır, cəhalət isə qaranlıqdır”.
Müstəqillik illərində Azərbaycan təhsili ümummilli lider Heydər Əliyevin “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” müddəasına əsaslanan islahatlar nəticəsində tarixi təcrübə və nailiyyətlər zəminində bir çox diqqətəlayiq uğurlar qazanmış, milli dəyərlərə söykənməklə beynəlxalq təhsil sisteminə uğurla inteqrasiya edə bilmişdir.
Ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı olan İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət başçısının bu uzaqgörən fikirlərini bir daha təsdiqləyir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”.
Təhsil sisteminin qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən Prezident İlham Əliyev belə bir vacib məqamı xüsusi vurğulamışdır: “Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”.
“Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” müddəasını əsaslandıran dövlət başçısının dediyi kimi, “təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Təcrübə göstərir ki, hər hansı bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsi təmin edir. Elə buna görə də insanlar elmə, təhsilə çox böyük önəm verməlidir. Çünki bütün elmlərin bünövrəsi təhsillə qoyulur.
Müxbir: Cavadzadə Seyid Sürayə