Göründüyü kimi, “Azərmetal” Topdansatış-Ticarət Birliyinin baş mütəxəssisi Tamara İbrahimova bütün qanunsuz faktları bir-bir sadaladı. Bundan əlavə, T.İbrahimova Güləddin Dadaşovun daha bir qanunsuz əməlini sübut edən sənədi bizə təqdim etdi. Deməli, işçilərə əmək haqqı kimi nəzərdə tutulan 84 min manat pulun yalnız 34 min manatı paylanıb. Yerdə qalan 50 min manat pulun taleyi məlum deyil. Özü də G.Dadaşov bu pulu içşilərə iş yerində yox, “Azərkontrakt ASC”-də olan öz kabinetində qol çəkdirib verib. Bizə təqdim olunan cədvəldə G.Dadaşov T.İbrahimovaya 9226 manat 70 qəpik əmək haqqı yazsa da, ona cəmi 3.000 manata qədər pul verib. Ona görə də, T.İbrahimova əmək haqqı cədvəlinə qol çəkməyib. Bu gün də T.İbrahimova haqlı olaraq bildirir ki, G.Dadaşovun nəinki yol verdiyi əməllər, hətta onun müavin kimi fəaliyyəti də qanunsuzdur.
“Azərmetal” Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasovu da dinlədik. Ş.Abbasov bunları dedi:
-Mən dəfələrlə rəhmətlik Miri Qəmbərova baş verən qanunsuzluqlar barədə sual verəndə, o belə deyirdi: “Mənim bir prezidentim var, o da Kərəm Həsənovdur!». O vaxt Əmlak Komitəsinin sədri Kərəm Həsənov olduğundan Miri Qəmbərov və qanunsuz fəaliyyət göstərən, həmçinin heç bir səlahiyyəti olmayan Güləddin Dadaşov bütün qanunsuzluqlara gedə bilirdilər. Bu işlərin arxasında Kərəm Həsənov dayanırdı. Bu gün Miri Qəmbərov bu dünyada yoxdur, amma Kərəm Həsənov yaşayır və özü də prezidentin müşaviridir. Bu şəxsdən sorğu-sual edilməlidir ki, Əmlak Komitəsinin sədri işləyəndə dövlətə məxsus torpaqların, mal-materialların və avadanlıqların qeyri-rəsmi satılmasına niyə yardım edib? Axı bu müəssisələrdə orada işləyən işçilərin səhmləri var ki, bu satışlardan onlara da pay düşməli idi. Amma çox təəssüf ki, Kərəm Həsənov, Miri Qəmbərov və Güləddin Dadaşov üçlüyü dövlətə məxsus “Azərkontrakt”ın bütün ərazisini sataraq, darmadağın ediblər. Hazırda eşidirik ki, Naxçıvanda bir çox dövlət vəzifəsi daşıyan məmurları milyonlarla manat dövlətə ziyan vurduqlarına görə həbs edib, Bakıya gətirirlər. Yoxlasalar onlardan da çox dövlətə ziyan vuran Kərəm Həsənov və Güləddin Dadaşov Bakıdadır, amma onları heç bir sorğu-sual edən yoxdur. 2021-ci ildə Prezident Cənab İlham Əliyev “Azkontrakt”ın bazası əsasında Azərbaycan Dövlət Material Ehtiyatları Agenliyinin yaradılması haqqında fərman verdi. Lakin buna baxmayaraq, bu gün də “Azərkontrakt”ın Güləddin Dadaşovu at oynadır, amma qapıları bağlıdır və heç bir fəaliyyət göstərmir. Agentlik isə gözə dəymir… Yenə də Güləddin Dadaşov heç bir səlahiyyət sahibi olmadan Agentliyin adından işlər görür. Təzəlikcə hissə-hissə satılaraq “Azərmetal Topdansatış Birliyi”nin 0.87 hektar qalmış ərazisini də Güləddin Dadaşov kiməsə artıq satıb. Bundan ötrü akt tərtib edib ki, o akta mən və digər müavinlərin heç biri qol çəkməmişik. Hüquq mühafizə orqanları, həmçinin Baş Prokorluq inanıram ki, bu məsələni araşdıracaqlar. Onda məlum olacaq ki, Güləddin Dadaşov qeyri-rəsmi şəxs olaraq dövlətə necə milyonlarla manat ziyan vurub”.
Bütün bu deyilən ittihamlara aydınlıq gətirmək üçün, həmçinin əks tərəf kimi Güləddin Dadaşovla da əlaqə saxladıq və bu məsələlərə münasibətini soruşduq. Telefonda G.Dadaşovla aramızda belə bir dialoq alındı:
-Güləddin müəllim, “Azərmetal Topdansatış Birliyi”nin baş direktoru Şahin Abbasovun və baş mütəxəssis Tamara İbrahimovanın ittihamlarına münasibətinizi bilmək istərdik.
G.Dadaşov:
-Mən prezidentin 2021-ci ildə imzaladığı fərmanın həyata keçirilməsini təmin edirəm və heç bir qanunsuz fəaliyyətlə məşğul olmuram.
-Güləddin müəllim, bilmək olarmı siz prezidentin fərmanını hansı səlahiyyət sahibi kimi icra edirsiniz?
-Xahiş edirəm, mövzudan kənar sual verməyin. Prezidentin fərmanında açıq göstərilib ki, bu fərmandan irəli gələn vəzifələri “Azərkontrakt”ın bazasında yaradılmış Dövlət Agentliyi həyata keçirir.
-Çox gözəl, Güləddin müəllim, deyə bilərsinizmi siz bu Agentlikdə hansı səlahiyyətin sahibisiniz ki, prezidentin fərmanından irəli ələn vəzifələri yerinə yetirirsiniz?
-Hər şey fərmanda açıq-aydın yazılıb.
-Axı orada sizin müavin kimi və ya hər hansı səlahiyyətli şəxs kimi vəzifənizin təsdiq olunması barədə heç nə yoxdur.
-Siz yenə də mövzudan kənara çıxırsınız və Şahin Abbasovun mövqeyindən çıxış edirsiniz.
-Mən Şahin Abbasovun mövqeyindən çıxış etsəydim heç sizinlə əlaqə saxlamazdım. Əgər siz, Şahin Abbasovun və Tamara İbrahimovanın səsləndirdiyi ittihamlara cavab vermək istəyirsinizsə, buyurun redaksiyamıza gəlin. Təzadlar TV-nin canlı efirinə çıxaq və sözünüzü deyin, mövqeyinizi bildirin.
-Mənim ora gəlməyə vaxtım yoxdur. Sizinlə də danışmaq istəmirəm. İstəyirəm daha sual verməyəsiniz, çünki “otboy” verib, mədəniyyətsizlik etmək istəmirəm.
-Güləddin müəllim, siz bizim bircə sualımıza cavab verin, ondan sonra sizə heç bir sual verməyəcəyəm. Siz əvvəl “Azərkontakt”ASC olmuş, indi isə “Azərkontrakt Dövlət Agentliyi” adlanan dövlət qurumunda hansı səlahiyət sahibisiniz?
Bu sualdan sonra Güləddin Dadaşov qulağımıza “otboy” verib telefonu qapatdı… İndi özünüz nəticə çıxarın…
***
Əlbəttə, Miri Qəmbərov dünyasını dəyişdiyindən baş vermiş bütün qanunsuzluqlara, rəhmətliyin yanında qeyri-qanuni müavin kimi fəaliyyət göstərən Güləddin Dadaşov çox suallara cavab verə bilərdi. Amma görünür səlahiyyətsiz Güləddin Dadaşov səlahiyyətli orqanlar qarşısında cavab vermək niyyətindədir. Respublikanın Baş Prokorluğu, Daxili İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri Güləddin Dadaşovu sorğu-sual etməyə borcludurlar. Çünki söhbət dövlətə vurulan milyonlarla manat ziyandan gedir.
Mövzunu diqqətdə saxlayacağıq.
P.S Bu yazıdan sonra Güləddin Dadaşov hər hansı münasibət bildirmək istəsə, onu dinləyib, mövqeyini olduğu kimi dərc etməyə hazırıq… //tezadlar.az//