Naxçıvan, İran İslam Respublikası ilə sərhədini vətəndşların üzünə yenidən bağlayıb. İran ərazisindən keçən Naxçıvan-Bakı-Naxçıvan istiqamətindəki avtobus reysləri davam etsə də, Naxçıvan sakinləri artıq iki gündür ki, İrana buraxılmır.
Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Naxçıvan şəhər sakini Xudu Cəfərov deyir ki, dekabrın 21-də İrana keçmək istəsə də, onu geri qaytarıblar:
“DTX Naxçıvanda yoxlamalara başlayanda İran ilə sərhədlər açıldı. 5-10 gün əhali normal qaydada İrana gedib-gəlirdi. Hamı sevinmişdi. Çünki əhali həm müalicə üçün gedirdi, həm də ərzaq alıb gətirirdilər. Bizim pulla orada ərzaqlar çox ucuzdur. Bir neçə gün əvvəl gediş-gəlişi 15 gündən bir etdilər. Sonra dedilər ki, vətəndaşlar ayda bir dəfə gedə bilər. Ayın 20-dən sonra isə tamamı ilə dayandırdılar. Dünən mənimlə bərabər 10-larla adam geri qaytarıldı. Dedilər ki, artıq İrana gediş olmayacaq”
Övladının müalicə üçün İrana aparmaq istəyən Vahid Muradov da dekabrın 21-də Culfa gömrüyündən geri qaytarıldığını bildirir:
“Övladım Bakıda yaşayır. Səhhətində ciddi problemləri yaranıb. Bir neçə gün özəl klinikalara apardım. Çoxlu pul aldılar, amma doğru-dürüst diaqnoz qoymadılar. Onu götürüb İrana aparmaq üçün Naxçıvana gətirdim. Düşündüm ki, orada həkimə göstərərəm, həm də xərcimiz az çıxar. Təəssüf ki, belə olmadı. Keçid bağlanıb. Vətəndaşları İrana buraxmırlar”.
“Gündəlik Naxçıvan”