Əlilliyinin qanunsuz ləğv edildiyini bildirən keçmiş polis işçisi, Göyçay rayonunun Potu kənd sakini Ağalar İlyas oğlu Səlimov, mətbuat vasitəsi ilə, dövlət rəhbərinə Müraciət ünvanlayıb. Bir nüsxəsi də, araz.az-ın redaksiyasına daxil olan
şikayət xarakterli bu Müraciətində, açıq-aydın hərc-mərcliklə üzləşdiyini xüsusi olaraq vurğulayan şikayətçi, məcburiyyətdən, son ümid ünvanına — ölkə başçısına üz tutduğunu, həmçinin saytımız vasitəsi ilə, bu probleminin ictimailəşdirilməsində ona yardımçı olmağımızı xahiş edərək, yazır:
“Çox hörmətli cənab Prezident!!
2006-cı ildə, xəstəliyimlə əlaqədar, 15 il işlədiyim polis orqanlarından xaric olundum. Həmin vaxtdan ikinci qrup əlil kimi pensiya alıram. Beş il tamam olduğuna görə, yenidən əlilliyimin bərpası üçün, TSEK-ə rəsmiləşdirilən göndərişlərə imtina verilir. Əvvəlki imtinaların səbəbi kimi, göndərişin natamam doldurulması göstərilirdi. Sonuncu imtinaların səbəbi kimi də, natamam doldurulma göstərilsə də, belə yazılıb: “Həkimin rəyi: Xəstənin əsas diaqnozunun ağırlaşması, əlillik dərəcəsinin təyinində, reyester məlumatı, aktiv sürücülük vəsiqəsi ilə, uyğunsuzluq yaradır”.
Verilmiş bu əsasız və gülünc imtinalara görə, şəxsən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin qəbulunda da oldum. Mənim əlilliyimin obyektiv müəyən olunması üçün, sədrin özündən kömək etməsini şəxsən xahiş etdim. Zaur Əliyevin ciddi tapşırığından sonra, mən, Mingəçevir Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində müayinə olundum və həmin dispanser tərəfindən əlilliyin qiymətləndirilməsi üçün, göndəriş rəsmləşdirildi. Lakin bir-neçə gündən sonra, məlum oldu ki, imtina verilib və səbəb kimi də, belə göstərildi: “İxtisaslı həkim müyinəsinə və müalicəsinə ehtiyac olması”.
Mən, Göyçay Rayon Mərkəzi Xəstəxanasından yenidən göndəriş alaraq, Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müayinə olunduqdan sonra, 21 gün də, stasionar müalicə aldım. Bundan sonra, Mingəçevir Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanseri tərəfindən, mənə, yenidən “Forma — 88″ tərtib olunaraq, göndəriş rəsmləşdirildi. Lakin buna baxmayaraq, yenə də, imtina verildi. Bu dəfə də, imtinada “Aktiv sürücülük vəsiqəsinin olması” göstərildi. Bundan sonra, Mingəçevir Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin Baş həkimi tərəfindən, rəsmi qaydada, sürücülük vəsiqəmin ləğv olunması üçün, Yevlax şəhərində yerləşən Yevlax RQİ və TBŞ-nin rəisi, polis polkovnik-leytenantı Cavanşir Vəliyevə rəsmi qaydada məktub göndərildi.
28.11.2-22-ci il tarixində isə, Yevlax RQİ və TBŞ-nin rəisi tərəfindən, rəsmi qaydada, Mingəçevir Şəhər Ruhi-Əsəb Dispanserinin Baş həkimi Şəmsinur Hüseynovaya cavab verildi. Bu Müraciətimə də əlavə etdiyim həmin məktubda göstərilib: “Göyçay rayonunun Potu kəndində yaşayan Səlimov Ağalar İlyas oğlu barəsində, 24.11.2022-ci il tarixli, 691 nömrəli məktubunuzda göstərilmiş məlumatlar nəzərə alınaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin, V hissəsinin, 3-cü bəndinin tələbinə əsasən, Ağalar Səlimovun xəstəliyi müalicə olunanadək və ya, fiziki qüsurları aradan qaldılıanadək, onun sürücülük vəsiqəsi yararsız hesab olunmuşdur və bununla bağlı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır”.
30 noyabr, 2022-ci il tarixində, əlilliyin müəyyən olunması üçün rəsmiləşdirilən göndərişə yenidən imtina verildi. Bu imtinada da, əsas səbəb kimi, yenə, aktiv sürücülük vəsiqəsinin olması göstərildi.
Əlilliyin müəyyən olunması üçün, rəsmiləşdirilmiş göndərişə, “Aktiv sürücülük vəsiqəsinin olması” səbəbi ilə, imtina yazan həkimlərin verdiyi Qərar qanunsuz və əsassızdır. Eyni zamanda, bu Qərarı verən həkimlər, qanunla, cinayət məsuliyyəti daşıyırlar. Ona görə ki, belə bir Qərar verənlər tərəfindən, dövlət orqanı adından sui-istifadəylə, əsl saxtakarlıq halı törədilir. Bir də ki, axı, mənim sürücülük vəsiqəm də ləğv edildi. Hətta bununla bağlı, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydiyyat da aparıldı. Belə olan halda, aktiv sürücülük vəsiqəmin olması məlumatını, TSEK-in həkimlərı haradan aldılar?!.
Beləcə, polis sistemindəki 15 illik iş stajımla bərabər, oxuduğum texnikumdakı 3 illik təhsilimin müddətini, bir sözlə, bu xəstəliyimə görə, stajımı da, diplomumu da əlimdən aldılar. Özümü də, işdən azad etdilər. Özü də deyirlər ki, xəstəyəm, daha işləməyə yararlı deyiləm. Buna görə də, sağlamlıq haqqında arayış vermədilər. Bir sürücülük vəsiqəm qalmışdı, onu da ləğv etdilər. Özüm isə, əsəb xəstəsi və yüksək şəkər diabeti olanam. Bilmirəm, indi nə edim, iynə-dərman almağa da pulum yoxdur. Dövlətin mənə verdiyi bir şəxsiyyət vəsiqəm qalıb. Diplom yararsız, staj yararsız, sürücülük vəsiqəsi yararsız, hərbi biletim lap pis vəziyyətdə, üstəlik, artıq yaşım da keçib. O da, nəyəsə yaramır! Bir sözlə, qalıb tək şəxsiyyət vəsiqəm. Əlilliyim də, təyin olunmur. Ortada isə, müxtəlif bəhanələr… Baxarıq, görərik o qalıb, bu qalıb. Düz iki ilə yaxındır borcla yaşayıram. Aldığım iynə-dərmanları belə borca götürürdüm. Artıq, yaranan borcun çoxluğuna görə, apteklər mənə iynə-dərman da vermirlər.
Möhtərəm Prezident!
Mətbuat vasitəsi ilə, Sizdən dönə-dönə xahiş edirəm ki, mənim bu Müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və saxta sənədlər əsasında, vəzifələrindən sui-istifadə edən TSEK-in həkimləri barəsində, əlaqədar dövlət qurumları tərəfindən tədbir görülməsinə və əlilliyimin yenidən təyin olunması üçün, rəsmiləşdirilmiş “Forma — 88″-imlə bağlı, obyektiv Qərarın verilməsinə ciddi göstərişlərinizi verəsiniz!
Edəcəyiniz köməyə görə, Sizə, qabaqcadan minnətdarlığımı da çatdırıram!.
İmza: Səlimov Ağalar İlyas oğlu.
Əlaqə telefonum: (050) 380 66 51”.
Şikayətçinin Müraciətindəki irad və faktlar ciddi olduğundan, bu mövzu ətrafında jurnalist araşdırmalarımızı davam etdirəcək, tezliklə, bu barədə daha geniş araşdırma yazısını, dəyərli oxucularımızın da diqqətinə çatdıracağıq.
araz.az