Paytaxtın Xəzər rayonunun Buzovna, Binə və Şağan qəsəbəsi ərazilərində yerləşən qanunsuz tikilən bir neçə qeyri-yaşayış obyekti sökülüb.
“Zirvə yolu” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin birgə yoxlamaları nəticəsində obyektlərin icazəsiz tikildiyi, tikinti norma və qaydalarının tələblərinə və şəhərsalma prinsiplərinə cavab vermədiyi, layihədən kənar inşa olunduğu, həmçinin yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri təmin olunmadan insanların həyat və sağlamlığına potensial təhlükə yaratdığı müəyyən edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsləhətçisi Adil Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, obyektlər ayrı-ayrı fiziki şəxslərə aiddir.
Qurum rəsmisi deyib ki, qanunsuz inşa edilmiş qeyri-yaşayış sahələrinin sökülməsi üçün Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən müraciət olunub:
“Araşdırma zamanı obyektin tikintisi üçün icazə sənədi olmadığı məlum olub”.
“FHN mütəmadi olaraq tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edir, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır. Pozuntular aşkarlanmış obyektlərlə bağlı isə qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi davam etdiriləcək”, – FHN rəsmisi vurğulayıb.